" Bu, mənim xəyalım, çətin yol idi"- Nicat Rəhimov

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov (77 kq) Rio Olimpiadasının qalibi olduqdan sonra KİV nümayəndələrinin suallarını cavablandırıb. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan yığmasından imtina edərək, Qazaxıstan millisini seçən 23 yaşlı idmançı dünya və Olimpiya rekordu ilə qazandığı qələbəni şərh edib.

 

- Təbrik edirik. İlk təəssüratlarınız necədi?

- Bilmirəm. Olimpiya çempionunu kimi (gülür).

 

- Fəxri kürsüdə dayananda ağlayırdınız...

- Bəli, fəxri kürsüdə olanda bütün həyatım gözümün qarşısına gəldi. Bu məqsədə çatmaq üçün nə qədər əziyyət çəkdiyimin hamısını bir anlıq fikirləşdim. Bu, mənim xəyalım, çətin yol idi. İnsanlar yatanda, biz məşq edirdik. Qar düzdən olanda, biz gecə saat 11-12-də hazırlıq keçirdik. Məni dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Bu ilk növbədə Allahın qismətidi. Sonra isə mənə inanıb, dəstəkləyən xeyli insanın əməyidi.

 

- Siz təkanla qaldırma hərəkətlərində 214 kq çəkini sifariş etdikdə  rekord vurub, bunu qaldıracağınıza əmin idiz?

- Bilmirəm. Desəm ki, əmin idim, yalan olar. Mən hazır idim. Birdən qaldırma hərəkətlərində çox qaldıracağıma şübhəm olsa da, təkanla qaldırmada tam hazır idim.

 

- Məşqçi bu çəkini sifariş etdikdə, onunla razılaşdızmı?

- Bəli. Dedim ki, ilk cəhddə medalı, ikincidə qələbəni təmin etmək lazımdı.

 

- Məşqdə qaldırdığın ən yüksək çəki nə qədər idi?

- Olimpiadaya hazırlaşarkən, qaldırdığım ən yüksək çəki 211 kq olub. Amma ümumilikdə həyatım boyu 217 kq çəkini ram etmişəm.

 

- Son Olimpiya çempionu və birdən qaldırma hərəkətinin qalibi olan çinli rəqibini keçdiyini nə vaxt hiss etdin?

- O, təkanla qaldırmada əvvəl 200 kq çəkini sifariş edib, sonra bunu 3 kq azaltdıqda qalib gələcəyimi hiss etdim. Həmin vaxt məşqçimə dedim ki, qızıl medal üçün nə qədər lazımdırsa, qaldıraram.