Rio-2016: Cüdo yığmamız 12-ci oldu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdoçuların mübarizəsinə yekun vurulub. 

Olimpsport.az xəbər verir ki, 7 gün ərzində 136 ölkədən 390 idmançı mübarizə aparıb.

Onlardan 237 kişi, 153 qadın cüdoçu 14 çəki dərəcəsində çıxış edib. Azərbaycan kişilərin mübarizəsində 7 çəkidən 6-da təmsil olunub. Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) timsalında 2 gümüş medal qazanan heyətdən Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 7-ci yeri tutub. Nicat Şıxəlizadə (66 kq) və Uşangi Kokauri (+100 kq) isə ikinci görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Bu nəticə ilə Azərbaycan komanda hesabında 12-ci yeri tutub.

Ümumilikdə 24 ölkənin medal qazandığı siyahıda birinci yeri 3 qızıl, 1 gümüş, 8 bürünc medalla Yaponiya tutub.  Fransa 2 qızıl, 2 gümüş, 1 bürünc medalla 2-ci, Rusiya 2 qızıl, 1 bürünc medalla 3-cü yeri tutub.