Rio-2016: Güləşçilərimiz mübarizəyə start verir

Bu gün Rio Olimpiadasında güləş yarışlarına start veriləcək. Olimpsport.az saytının məlumatına görə, döşək üzərinə ilk olaraq Yuna-Roma güləşçiləri çıxacaqlar.

 

Azərbaycan yığmasının iki üzvü – Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) də Olimpiadada debüt edəcəklər.

 

Əvvəlcə Elvin ilk görüşünü keçirəcək. Pəhləvanımız 1/16 finaldan etibarən mübarizə aparacaq. Onun rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olacaq.

 

Elvin qələbə qazanacağı halda Zurabi Datunaşvili (Gürcüstan)/Dosjan Kartikov (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Güləşçimizin ilk görüşü saat 17:05-də start götürəcək.

 

Daha sonra isə son iki Olimpiya Oyunlarının (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov gücünü sınayacaq. İdmançımız mübarizəyə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq.

 

Rövşən bu rəqibini keçsə, 1/4 finalda Mahadi El Messaudi (Mərakeş)/Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq. Həmyerlimizin ilk mübarizəsi saat 17:15-də başlayacaq.