"Minsk 2019" un 5-ci günü atletlərimiz 8 növdə yarışıblar-NƏTİCƏLƏR

    Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparıblar

  İyunun 25-də - “Minsk 2019”un beşinci günündə Azərbaycan atletləri idmanın 8 növü üzrə - güləş, boks, cüdo, tramplin gimnastikası, kamandan oxatma, badminton, velosiped idmanı və atıcılıq yarışlarında mübarizə aparıblar.

“Minsk 2019”da güləş yarışlarının birinci günündə idmanın dörd növü üzrə mübarizə aparılıb. Azərbaycan yığması güləş yarışlarının birinci günündə dörd növün hər biri üzrə təmsil edilib. Güləşçilərimiz mübarizəyə səkkizdəbir final mərhələsindən başlayıblar. Mahir Əmiraslanov (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Həlledici qarşılaşma iyunun 26-da keçiriləcək. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətimizin digər üzvləri güləşçimizin qarşılaşmasını izləyiblər. Pəhləvanlarımızdan Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Maqomedov (125 kq) yarımfinalda uduzublar. Səkkizdəbir finalda Hacımurad Qadcıyevin (74 kq) uduzduğu türkiyəli Söner Demirtaş finala vəsiqə qazandığı üçün idmançımız bürünc medal qazanmaq üçün şans qazanıb. Beləliklə, güləş yarışlarının birinci gününün yekununda Azərbaycan güləşçilərindən biri qızıl, üçü isə bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə ediblər.

Gün ərzində boksçularımızdan Rufət Hüseynov (49 kq) dörddəbir, Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) səkkizdəbir final mərhələsində mübarizə aparıblar. C.Çələbiyev Moldova təmsilçisi Dorin Buksa, Loren Alfonso Domingez isə Belarus boksçusu Mixail Dauqaliavetsə 5:0 hesabı ilə qalib gəliblər. R.Hüseynov isə dörddəbir finalda uduzaraq “Minsk 2019”da mübarizəni dayandırıb. Dörddəbir finalda C.Çələbiyev Gürcüstan təmsilçisi Otar Eranosyan, L.Domingez isə Belçika boksçusu Ziyad El Mohor ilə qarşılaşacaqlar.

“Minsk 2019”un cüdo yarışlarının sonuncu günündə qarışıq komandalar mübarizə aparıblar. Cüdoçularımız səkkizdəbir finalda Fransa seçməsinə uduzublar – 0:4. Komandamızın heyətində Larisa Florian (57 kq), Nuriyə Axundova (70 kq), Rüstəm Orucov (73 kq) və Uşangi Kokauri (+90 kq) çıxış ediblər. Bununla da cüdoçularımızın ikinci Avropa Oyunlarındakı mübarizəsi başa çatıb. Azərbaycan cüdoçuları “Minsk 2019”da fərdi yarışlarda beş medal qazanıblar. Medalların biri gümüş, dördü isə bürüncdür. Gümüş medalı komandamızın aktivinə “Minsk 2019”da yığma komandamızın bayraqdarı Rüstəm Orucov (73 kq) yazdırıb. Bürünc medallara isə Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) sahib olublar.

İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni iyunun 25-də G qrupunda ikinci oyununda lüksemburqlu Robert Manna iki setdə qalib gəlib – 21:15, 21:18. Bu qələbə sayəsində Ezmi Qovimuramadhoni çıxış etdiyi G qrupunda liderliyə yüksəlib. O, sabah keçiriləcək növbəti görüşdə qrupun digər favoriti Vladimir Malkov (Rusiya) ilə üz-üzə gələcək. Yarışın reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar.

Tramplin gimnastikası üzrə yarışların sonuncu günündə kişilərin fərdi mübarizəsində ölkəmizi Ruslan Ağamirov və İlya Qrişunin təmsil ediblər. Yarışda R.Ağamirov 65,485 xalla 20-ci, İ.Qrişunin isə 56,860 xalla 21-ci yerdə qərarlaşıblar.

“Minsk 2019”da kamandan oxatma üzrə yeganə təmsilçimiz Ozay Qasımova qadınların yarışında otuzikidəbir finalda almaniyalı Elena Rixterə uduzaraq mübarizəni dayandırıb.

Velosiped yarışında iki idmançımız - Samir Cəbrayılov və Elçin Əsədov iştirak ediblər. Otuz doqquz velosipedçinin qatıldığı yürüşdə E.Əsədov 29-cu, S.Cəbrayılov isə 31-cü olublar.

Nigar Nəsirova 25 metr məsafəyə atəşaçma üzrə təsnifat yarışında 273 xal toplayaraq sonuncu – 35-ci pillədə qərarlaşıb. “Minsk 2019”un beşinci günündə medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyalı idmançıların aktivində 53 (24-13-16) medal var. İkinci yerdə Belarus (14-9-18), üçüncü pillədə isə Gürcüstan (6-5-9) yığmaları qərarlaşıblar.