Azad Rəhimov: "Bakı bu Festivala tam hazırdır "

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıqları müzakirə etdi İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin Prezidenti Yaneş Koçyançiç və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının qonaqlarını Bakıda salamlayan Azad Rəhimov qeyd edib: “Paytaxtımız Bakı daha bir mötəbər idman tədbirinə ev sahibliyi edir. Yarışları qəbul edəcək bütün idman obyektlərimiz, Atletlər kəndimiz, bütünlükdə Bakı bu Festivala tam hazırdır. Artıq bütün atletlər və Milli Olimpiya Komitələrinin nümayəndələri Atletlər Kəndində yerləşiblər. Biz əminik ki, 48 ölkə atletlərinin iştirakı ilə baş tutacaq bu 7 günlük yarışlar atletlərdə, idman həvəskarlarında, jurnalistlərdə unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq”.

Onun sözlərinə görə, festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Avropa Olimpiya Komitələrinin Prezidenti Yaneş Koçyançiç Bakıya bir daha təşrif buyurmasından məmnunluğunu bildirib və gənclərin idman bayramının yüksək səviyyədə keçəcəyinə əmin olduğunu qeyd edib. Mətbuat konfransında jurnalistlərə hazırlıq işlərinin yekunu haqda məlumat verilib.

Media mənsubları ümumi statistika ilə tanış edilib, Oyunlara marağın böyük olması diqqətə çatdırılıb. Qeyd edilib ki, açılış və bağlanış mərasimlərinə biletlər tam satılıb.

Həmçinin məlumat verilib ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək bütün idmançılar Bakıdakı Atletlər Kəndində yerləşdirilib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gəlib. Atletlər 10 növdə - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Festival zamanı 12 idman obyektində 3500-dən çox könüllü fəaliyyət göstərəcək.