"Əsas rəqiblərimiz Rusiya və ABŞ komandalarıdır"-Millimizin kapitanı
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksey Dreyev Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandırıb.
Olimpsport.az müsahibəni təqdim edir.
- Bakı Şahmat Olimpiadasında Azərbaycan millisinin kapitanı olmaq barədə təklif alanda buna ilk münasibətiniz necə oldu?
- Azərbaycan yığması həmişə güclü şahmatçılarla seçilib. Buna görə də belə güclü komandanın kapitanı olmaq çox sevindiricidir. Şahmatçılarla yaxşı münasibətim var. Bəziləri ilə birgə çalışmışıq. Ötən il Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində Şəhriyar Məmmədyarova kömək edirdim. Əvvəlki illərdə isə Rauf Məmmədovla işləmişik. Azərbaycan yığmasında yüksək səviyyəli şahmatçılar toplaşıb. Belə komandada kapitan kimi çalışmaq insana böyük zövq verir.
- Qəbələdə Azərbaycan yığmasının Gürcüstan millisi ilə yoxlama görüşü barədə danışardınız. Gördüklərinizdən razı qaldınızmı?
- Gürcüstanla oyunda şahmatçılar yaxşı təsir bağışladılar. Ümumi yoxlama görüşü olduğundan nəticə o qədər önəmli deyil. Düzdür, hesab bizim xeyrimizə oldu. Lakin burada əsas məqsəd gedişlərin, müxtəlif variantların yoxlanılması idi. Kapitan həmişə komandanın mümkün qədər yaxşı oynamasını arzulayır. İstərdim ki, daha yaxşı oynayaq. Amma hazırlığın bugünkü səviyyəsindən razıyam.
- Sonuncu təlim-məşq toplanışı nə vaxt olacaq?
- Avqustun 19-da yenidən toplaşacağıq. Sonuncu təlim-məşq toplanışında şahmatçıları çox yükləmək istəmirəm. Debütlər üzərində işləyəcəyik. Hər bir şahmatçının özünəməxsus təcrübəsi var. Onlar Olimpiadada vahid komanda kimi mübarizə aparmağa çalışacaqlar. Son hazırlıq dönəmində heç bir oyun keçirilməyəcək. Olimpiadaya az vaxt qaldığından artıq şahmatçılara rahatlıq vermək lazımdır. Yeddi-səkkiz günlük məşqlərdən sonra Olimpiadaya hazırlıq başa çatacaq.
- Azərbaycan millisindən Olimpiadada hansı nəticəni gözləyirsiniz?
- Bilirsiniz, Olimpiada haqda proqnoz vermək mümkün deyil. Heç kim püşkün necə olacağını bilmir. İlk mərhələdə hansı komandalarla oynayacağımız məlum deyil. Şübhəsiz ki, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Azərbaycan millisi komandalar arasında iki dəfə Avropa çempionatının qızıl medalını qazanıb. Lakin Azərbaycan komandasının Olimpiadada medalı olmayıb. Heyətimiz yaxşı olmasına baxmayaraq, bizi gərgin mübarizə gözləyir.
Azərbaycan millisi kimi komanda ilə yalnız çempionluq uğrunda mübarizə aparmaq lazımdır. Reytinqə görə, Azərbaycan Olimpiadada iştirak edəcək komandalar arasında dördüncü yerdədir. Ona görə qazanılacaq istənilən əyarlı medalı uğur hesab edəcəyəm.
- 180-dək ölkə və iki mindən çox şahmatçı. Statistikaya əsasən iştirakçıların sayına görə Bakı Şahmat Olimpiadasında rekord göstərici qeydə alınacaq.
- Bəli, iştirakçıların sayı baxımından rekord göstərici olacaq. Rəqabət baxımından da güzəştsiz mübarizə gözlənilir. Əsas rəqiblərimiz Rusiya və ABŞ komandalarıdır. Son Olimpiya çempionları Çini unutmaq olmaz. Ümumiyyətlə, idmanda zəif rəqib olmur. Olimpiada uzun marafondur. Belə yarışlarda Macarıstan, Polşa, Fransa, Ukrayna, İngiltərə kimi komandaları da siyahıdan silmək mümkün deyil. Bir səhv ümumi nəticəyə ciddi təsir edəcək.
- Norveç millisində dünya çempionu Maqnus Karlsen də çıxış edəcək. Bu komandadan çəkinmək lazımdır?
- Norveç yığmasında əsas diqqət Karlsenə yönələcək. Bununla belə onların mükafatlar uğrunda mübarizəyə qoşulacağı inandırıcı deyil. Olimpiada 11 turdan ibarətdir. Bu müddətdə M.Karlsen təklikdə bütün millini irəliyə apara bilməyəcək.
- Sizcə, Olimpiadanın Bakıda keçirilməsi şahmatçılarımıza mənfi, yoxsa müsbət təsir edəcək?
- Adətən, deyirlər doğma şəhər yerli komandalara kömək edir. Müəyyən mənada təzyiq hiss olunur. Çünki əksəriyyət yerli komandaya azarkeşlik edir. Bu amilin Azərbaycan millisinin oyununa mənfi təsir edəcəyinə inanmıram. Komandadakı şahmatçılar peşəkarlardır. Onlar belə yarışlara artıq öyrəşib.
- Azərbaycan millisi ilə gələcəkdə də çalışmaq istərdinizmi?
- Hazırda bütün fikrimiz Olimpiadaya yönəlib. Nəticə qazanmaq istəyirik. İşimiz uğurlu alınsa, davam etmək olar. Bu barədə heç kimlə danışmamışıq. Olimpiadada yaxşı nəticə qazansaq, gələcək barədə düşünmək mümkündür.