Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də, digər tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında böyük uğurla çıxış etmişlər. Azərbaycan Milli Olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş, 10 bürünc medal və Paralimpiya yığma komandasının XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazanması ölkəmizdə idmanın inkişafının və böyük potensiala malik olmasının parlaq təzahürüdür.