Yapon şirkətlərinin əksəriyyəti Tokio Olimpiya Oyunlarının keçirilməsinin tərəfdarıdır

Yapon şirkətlərinin əksəriyyəti koronavirusun yayılmasına baxmayaraq, bu yay Tokionun Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyin tərəfdarıdır.

OLİMPSPORT xəbər verir ki, bu, Yaponiyanın NHK telekanalının iş adamları arasında apardığı sosial sorğunun nəticələrinə görə məlum olub. Əldə edilən məlumata görə, sorğuda iştirak edən 100 şirkətdən 48-i olimpiadanın kiçik miqyasda keçirilməli olduğunu düşünür. Eyni zamanda, daha 13 şirkət isə yarışın ənənəvi qaydaya yaxın formatda keçirilməsinin tərəfdarıdır.

Şirkətlərdən yalnız 3-ü Oyunların ləğv edilməsi və ya təxirə salınmasının vacib olduğunu bildirib, qalan 36-sı indiki vəziyyətdə proqnoz verməyin mümkün olmadığını əsas gətirərək cavab verməyib. Eyni zamanda, bir çox biznesmen olimpiadanın pandemiya zamanı zərər çəkmiş ölkə iqtisadiyyatına müəyyən bir şəkildə müsbət təsir göstərəcəyinə inandıqlarını bildirib.

“Asahi” qəzetinin bu həftənin əvvəlində apardığı anket isə əhalinin fərqli fikirdə olduğunu göstərib. Belə ki, əksəriyyət (86 faiz) olimpiadanın ləğv edilməsinin və ya təxirə salınmasının tərəfdarıdır.

Respondentlərin yalnız 11 faizi Oyunların keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.