Cəbrayıl Həsənov medal sayımızı artırmağa çalışacaq

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib. Olimpsport.az saytının məlumatına görə, ilk gündə 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Bu çəki dərəcələrində ölkəmizi müvafiq olaraq, Hacı Əliyevlə Cəbrayıl Həsənov təmsil ediblər.

 

74 kq çəkidə çıxış edən Həsənov da mübarizəyə komanda yoldaşı kimi 1/8 finaldan başlayıb. Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. Cəbrayıl cütün taleyini ilk hissədəcə həll edib - 10:0. 

 

O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşıb. Həsənov bu rəqibini də vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. İlk hissədə 11:0 hesabı ilə önə keçən həmyerlimiz yarımfinala vəsiqə qazanıb.

 

Həmyerlimiz finala gedən yolda rusiyalı Aniuar Qeduyevlə güləşib. Cəbrayıl döyüşə yenə fəal başlayıb. Hətta 4:0 hesabı ilə önə də keçib. Lakin o, üstünlüyünü qoruya bilməyib. Yekunda rusiyalı 5:4 hesabı ilə qalib gələrək, finala yüksəlib.

 

Məğlubiyyətə baxmayaraq, Həsənov bürünc medal üçün mübarizə aparacaq.