Hacı Əliyev bürünc medal qazandı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib. Olimpsport.az saytının məlumatına görə, ilk gündə 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Bu çəki dərəcələrində ölkəmizi müvafiq olaraq, Hacı Əliyevlə Cəbrayıl Həsənov təmsil ediblər.

 

57 kq çəki dərəcəsində mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Mircəlal Həsənzadənin əvəzinə Rioya yollanan 2 qat dünya çempionumuz Asiya Oyunlarının bürünc mükafatçısını xalçaya çıxmasına peşman edib. İlk hissəni 8:2 hesabı ilə öndə bitirən həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.

 

Hacı 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Birinci hissə Əliyevin 1:0 hesabı ilə xeyrinə başa çatsa da, yekunda məğlubiyyətə üzülüb. Gürcü 5:3 hesabı ilə mərhələ adlayıb.

 

London-2012-nin finalçısı olan Xinçeqaşvili bu dəfə də həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə güləşib. 

Qarşılaşmanın gedişində geri düşən idmançımız sonradan təşəbbüsü ələ alıb. İkinci periodda 5:4 hesabı ilə irəlidə olarkən rəqibinin kürəyini xalçaya vurmağı bacaran Hacı təmiz qələbə ilə bürünc medal qazanıb.