Hər iki taekvandoçumuz bürünc uğrunda döyüşəcək

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha 2 dəst medal öz sahibini tapacaq. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının idmançıları hər 2 çəki dərəcəsində qüvvəsini sınayacaq.

 

Kişilərin yarışında 80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. Harçeqaninin son 2 dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib

Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7.

 

Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.

 

Qadınların yarışında 67 kq çəki dərəcəsində  Azərbaycanı təmsil edən Fəridə Əzizovanın da ilk döyüşü 1/8 finala təsadüf edib. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson gücünü yoxlayıb. Həmyerlimizin dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşması gərgin alınıb. Belə ki, ilk xalı Fəridə alsa da, ardınca geri düşüb - 1:4. Lakin məşqçilərin lazımı tapşırığı ilə Əzizova nəinki bu fərqi aradan qaldırıb, hətta 6:5 hesabı ilə qələbə qazanıb.

 

Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb. Hətta ilk xalı da özbək idmançı qazanıb. Ancaq özündə güc tapan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib. Bu mərhələdə məğlub olan təmsilçimiz bürünc medal uğrunda döyüşəcək.