“Rio-2016”nın 15-ci günündə Azərbaycanın dörd atletı 3 idman növündə mükafatlar uğrunda yarışacaq

“Rio-2016” Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın dörd təmsilçisi 3 idman növü üzrə medallar uğrunda mübarizəyə qoşulacaq.

Olimpsport.az xəbər verir ki, əvvəlcə saat 17:24-də sərbəst güləş üzrə Olimpiya çempionumuz Şərif Şərifov 86 kiloqram çəki dərəcəsində 1/8 final görüşündə çinli Şenqfenq Bi ilə üz-üzə gələcək. Saat 17:48-də dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) 1/8 finalda ABŞ idmançısı Tervel Dlaqnevlə qarşılaşacaq.

Bu gün Azərbaycan taekvondoçusu, dünya və qitə çempionu, “Bakı-2015”in qalibi Radik İsayev (80 kiloqramdan yuxarı) isə 1/8 finalda qazaxıstanlı Ruslan Japarovu sınağa çəkəcək. Bu döyüş saat 19:45-də start götürəcək.

Saat 22:20-də Azərbaycan təmsilçisi, bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə final yarışlarında iştirak edəcək. Gimnastımızın da finalçılar sırasında yer aldığı yarışlarda top, gürz, lent və halqa ilə hərəkətlərin yekununda qalib və mükafatçılar müəyyənləşəcək.