Olimpiya mükafatçısı xeyriyə məqsədi ilə medalını satır
Polşalı yüngül atlet Pyotr Malaxovski Rio-de-Janeyro Olimpiadasında disk atma yarışlarında ikinci nəticə göstərərək gümüş medal qazanıb.
İdmançı Varşavaya qayıdandan sonra bildirib ki, gözün torlu qişasının bədxassəli şişindən əziyyət çəkən uşağa kömək etmək üçün medalını hərraca qoyur.
Olimpsport.az xəbər verir ki, idmançı “Facebook” səhifəsində yazıb: “Bu fantastik oğlanın sağlamlığı mənim Rioda qələbə uğrunda apardığım mübarizədən daha əhəmiyyətlidir. Mən hamını hərracda iştirak etməyə dəvət edirəm. Sizin köməyinizlə mənim gümüş medalım onun üçün qızıldan dəyərli ola bilər”.
Polşalı atlet medal üçün 6,6 min avro əldə etməyi planlaşdırır. P.Malaxovski 67,55 metr məsafəyə disk ataraq, qızıl medal uğrunda mübarizədə almaniyalı Kristofer Hartinqə (68,37) uduzub.(Azertac)