Gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş onlayn zona toplantısı keçirilib
İyunun 30-da Şəki-Zaqatala zonası üzrə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş onlayn zona toplantısı keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, zonaya daxil olan rayon (şəhər) gənclər və idman idarələrinin rəisləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki və Zaqatala bölgələri üzrə şöbə müdirləri, o cümlədən 200-dən çox ictimai-fəal gənclər, gənclər evlərinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən nazir müavini İntiqam Babayev zona toplantısının məqsədi və əhəmiyyəti ilə bağlı ətraflı məlumat verib. Ölkəmizdə dini radikalizmlə mübarizə sahəsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün də ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü şəkildə, qətiyyətlə aparılan işlərdən və gənclər arasında bu istiqamətdə davamlı olaraq keçirilən profilaktik tədbirlərin mahiyyətindən, təşkilatı-hüquqi əsaslarından, dinamikasından, əsas hədəflərdən və gözlənilən nəticələrdən danışan nazir müavini bu sahədəki fəaliyyətdə maarifləndirmə və təbliğat işinin vacibliyini qeyd edib. Bildirib ki, Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında yaradılmış sıx əməkdaşlıq və səmərəli birgə iş təcrübəsi sayəsində çoxsaylı və keyfiyyət baxımından əhəmiyyətli layihələr həyata keçirilib, hər iki qurumun yerlərdə fəaliyyət göstərən idarələri arasında da qarşılıqlı işbirliyi davam etməkdədir.
Daha sonra çıxış edən natiqlər - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov dini radikalizm və ekstremizm anlayışlarının mahiyyətindən, dünyada məqsədli və planlı şəkildə yayılma səbəblərindən, xüsusi yaş qrupları üzrə marifləndirmə, motivasiya, sosial-iqtisadi və psixoloji təsir proseslərindən, vətəndaşların, xüsusilə də gənclərin müxtəlif üsullarla fanatizmə, təriqətçiliyə, qeyri-ənənəvi dindarlığa istiqamətləndirilməsi məsələlərindən ətraflı danışıblar. Respublikamızda müvafiq dövlət orqanları tərəfindən dini radikalizmlə mübarizənin inzibati-hüquqi, iqtisadi və ideoloji təbliğat üsullarını diqqətə çatdıran natiqlər daha səmərəli üsul olaraq maarifləndirici və təbliğat xarakterli tədbirlərə üstünlük verilməsini, sosial çarxların, qısametrajlı tanıtım və təqdimat filmlərinin hazırlanıb yayılmasını, dini ədəbiyyatın və elektron təşviqat materiallarının sosial şəbəkələrdə yayılmasını, ənənəvi dini təhsil almış din xadimləri ilə gənclərin görüşlərinin təşkilinə üstünlük verilməsi zəruriliyini vurğulayıblar.
Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz rayon gənclər və idman idarələrinin rəisləri də hesabat xarakterli şıxışlar edərək, qeyd olunan sahədə görülmüş işləri diqqətə çatdırıblar. Bildirilib ki, bundan sonra da dini radikalizmə qarşı mübarizədə müvafiq təşkilatlarla birgə əldə edilən iş təcrübəsi davam etdiriləcək, dindən qeyri-sağlam məqsədlər üçün istifadə etmək istəyən qüvvələrə qarşı daha güclü, sosial-psixoloji və ideoloji mahiyyət daşıyan layihələrin reallaşmasına nail olunacaq. Bu baxımdan azərbaycançılığın, multikultural dəyərlərin gənclər arasında geniş təbliğ edilməsi, gənclərin asudə vaxtının səmərəli təşkilinə yönəlmiş layihələrin, müxtəlif düşərgələrin, intellektual və idman yarışlarının keçirilməsinə diqqətin artırılması məqsədəuyğundur. Tədbirdə irəli sürülən təkliflərin perspektiv iş planlarında nəzərə alınması tövsiyə olunub.