8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və AzMİU İdman Klubunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir.

Tələbələrə sağlam rəqabət aparmaq və qələbə ruhunu yaşamaq üçün əhəmiyyətli bir fürsət yaradan festivalda 8 universitetdən 600-dən çox tələbə 7 idman növü (oğlan və qızlar arasında voleybol, 3x3 basketbol, futzal (tələbələr və veteranlar) şahmat, stolüstü tennis, qol güləşi, sərbəst güləş) üzrə mübarizə aparır. 
Oktyabrın 28-də festivalın açılışı mərasimi keçirilib. Mərasimdə AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, ATİAHİ Respublika Komitəsi sədrinin müşaviri - katibi Renata Mənsurova, Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan “Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini, Əməkdar jurnalist Aslan Şirəliyev çıxış edərək, festivalın gəncləri bir araya gətirdiyini və onlara idmanda yeni zirvələrə çatmaq imkanı verdiyini vurğulayıblar. Çıxışçılar həmçinin tələbələrə dəstək olaraq belə tədbirlərin vacibliyini xüsusi qeyd ediblər.
AzMİU idman klubunun rəhbəri, Əməkdar məşqçi Ramin Allahverdiyev idmançıları təbrik edib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya minnətdarlığını bildirib.  O, Milli Olimpiya Komitəsi tərəfindən ayrılmış hədiyyələri yarışın hakimlərinə və ən yaxşı idmançılara təqdim edib. 
Qeyd edək ki, festivalda həmçinin, “Neftçi” futbol klubunun veteranları, incəsənət ustaları və AzMİU-nun müəllim heyəti də yarışıb. Veteranlar arasında futzal yarışında “Neftçi” komandası çempion adını qazanıb. “İncəsənət” komandası ikinci, AzMİU-nun müəllim heyəti isə üçüncü olub.