Azərbaycan Stroqmen Federasiyasının Madrid zəfəri
Oktyabrın 13-də İspaniyanın paytaxtı Madriddə keçirilən "Arnold Classic Europe 2024" idman festivalı çərçivəsində təşkil olunan Avropa çempionatı Azərbaycan Strongmen Federasiyası üçün uğurla yadda qalıb. Belə ki, güc idman növləri üzrə keçirilən bu festivalda Azərbaycan idmançıları parlaq qələbələr qazanıblar. 16 nəfər heyətlə Madridə yollanan komandamız müxtəlif idman növləri və çəki kateqoriyalarının hər birində fərqlənib. Strongmen Federasiyasının rəhbəri dəfələrlə dünya və Avropa çempionu Bəxtiyar Quliyev Master divizyonunda 100 kq çəki dərəcəsində "Deadlift" (yerdən dartma) hərəkəti üzrə 302.5 kq çəkinin öhdəsindən asanlıqla gələrək yeni dünya rekorduna imza atıb və qızıl medalın sahibi olub.
Komandamızın digər üzvü Vüqar Namazov Open və Master divizyonunda 140+ kq çəki dərəcəsində "Deadlift" hərəkəti üzrə 343 kq çəkini ram edərək birinci yerə çıxmaqla yanaşı, dünya rekordunu da yeniləyib.
Cəlil Əliyev isə Open divizyonunda 110 kq çəki dərəcəsində "Strict Curl" hərəkəti üzrə birinci yerə çıxaraq qızıl medalın sahibi olub.
Sadiq Musayev (92 kq) Open divizyonunda "Strict Curl" hərəkəti, Akşin İsmayılov (82.5 kq) isə Open divizyonunda "Bench Press" hərəkəti üzrə gümüş medala yiyələnib.
“Strict curl” idman növü üzrə yığma komandamızın üzvü Əziz Şükürov gənclər arasına 56 kq çəki kateqoriyasına fəxri kürsünün birinci pilləsində yer alıb.
Namiq Cəfərov (82.5 kq) isə “Strict Curl” üzrə yüksək nəticə göstərərək Mastersdə birincilik qazanıb və Opendə ikinci yerə çıxmış həmin kateqoriyanın mütləq çempionu adına sahib çıxıb.
Nicat Hüseynov Strongmen üzrə 110 kg çəki dərəcəsində ayrı-ayrı hərəkətlərdə 3 gümüş, 1 qızıl medal qazanmaqla Avropa 2-cisi olub.
“Strict Curl” üzrə Open kateqoriyasında Zaur Abbasov (-100 kq) və Özcan Babazadə birinci, “Deadlift” üzrə isə Mehdi Hacızadə Gənclər Divizyonunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Strict Curl” üzrə mütləq çempion olan Fəridə Paşayeva eyni zamanda Open və Master kateqoriyalarında qalib olub.
Strongmen üzrə Turqay Qəribli ən yüksək nəticə göstərərək mütləq çempionluğu qazanıb və Avropa çempionu tituluna yiyələnib. O, eyni zamanda ayrı-ayrı hərəkətlərdən 3 qızıl medal qazanıb.
İlkin Namazov (140 kq) gənclər arasında "deadlift" hərəkəti üzrə qızıl, Vüqar Namazov (+140 kq) isə Open və Master divizyonunda "Deadlift" hərəkəti üzrə 343 kq çəkini ram edərək dünya rekordunu yeniləyib.
Əli Əliyev (+110 kq) Open divizyonunda loglift (qolla yuxarıya qadırma) hərərkəti üzrə birinci olub.
Qeyd edək ki, festivalda 80 ölkəni təmsil edən 6 mindən çox atlet 40 idman növü üzrə iştirak edib.