“Mən Azərbaycanlıyam” milli bilik yarışmasının 10-cu yubiley mövsümünün qalibləri mükafatlandırılıb
İyulun 2-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının 10-cu yubiley mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
2010-cu ilin fevral ayından etibarən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “MZ Production“ MMC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə birgə “Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında keçirilən “Mən Azərbaycanlıyam“ milli bilik yarışması 2020-2021-ci illərdə də pandemiya qaydalarına uyğun olaraq davam etdirilib, çoxsaylı iştirakçılar arasından 40 nəfər qaliblər seçilib.
Mükafatlandırma mərasimi başlamazdan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının foyesində ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib və önünə çiçək dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mükafatlandırılma mərasimi davam etdirilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar və qalibləri təbrik ediblər. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin məşhur “Fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərindən ilham alan layihə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb edib, geniş tamaşaçı kütləsində, xüsusən də gənclər arasında böyük maraqla qarşılanıb.
Layihənin əsas məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır. Xüsusilə də vurğulanıb ki, layihənin internet versiyasının hazırlanması, tətbiq edilməsi və davamlı olaraq sual bazasının təkmilləşdirilməsi son illər həm ölkə daxilində, həm də xaricdə yaşayan həmvətənlərimizin fəal iştiraka cəlb edilməsinə müsbət təsirini göstərib.
Daha sonra 40 nəfər qaliblər, o cümlədən layihənin 10-cu mövsümünün qalibi İmanova Telli Fuad qızı, 3 nəfər II yerin qalibləri – Quliyeva Qönçə Ağagül qızı, Tağıyeva Nilufər Xankişi qızı, Həmidova Zümrüd İslam qızı və III yerin qalibləri təşkilatçılar tərəfindən pul müfafatları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Tədbir İstedadlı müğənnilərin ifasında maraqlı musiqi proqramı ilə başa çatıb.