Ramin Allahverdiyev: "Təklif edirəm ki, 2022-2028-ci illər üzrə güləşin inkişafı üçün dövlət proqramı həyata keçirilsin"
Güləşin üstündə çox dayanmağımın səbəbi həm özümün ixtisasca güləşçi, həm də güləşimizdə geriləmənin olduğuna görədir. Güləş bizim həmişə dayaq idman növlərimizdən olub. Güləşdən həmişə Azərbaycan xalqı uğur gözləyib. Düzdür, Tokio olimpiadasında güləşçilərimiz digər idman növlərinə baxanda yenə uğur əldə edib, medallar qazandılar. Say etibarilə az olsa da hər üç güləş növümüzdə medal qazanıldı.
Çox istəyərdim ki, Hacı Əliyev də bu ada layiq görülsün
Mariya Stadnik əldə etdiyi bürünc medalla nəyinki güləşimizin, ümumi Azərbaycanın tarixinə ən çox Olimpiya medalı qazanan idmançı kimi düşdü. Ümumiyyətlə, Mariya Stadnik bu uğurla ümumdünya Olimpiya rekordçuları sırasına da adını yazdırdı. Ona bu uğurlarına görə prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətinə görə" orden də verildi. Yeri gəlmişkən, çox istəyərdim ki, Azərbaycan güləş məktəbinin əzmkar idmançısı Hacı Əliyev də bu ada layiq görülsün. Düzdür, Hacı Əliyev də 2-ci dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə mükafatlandırıldı. Amma ümid edirik ki, Hacı Əliyev ya 3-cü dəfə Olimpiya mükafatçısı kimi, ya da digər idman fəaliyyətlərinə görə bu ada layiq görüləcək. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov da həmçinin haqlı olaraq 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni aldı. İstər güləşçilərimizi, istərsə də digər idmançılarımızı və onların məşqçilərini qazandıqları bütün uğurlara görə təbrik edirik, onlara çox sağ olun deyirik.
Uğurla yanaşı uğursuzluqlarımız da var
Bütün bu uğurlarla yanaşı, uğursuzluqlarımız, problemlərimiz də var. Təsadüfi deyil ki, medal qazanan hər üç güləşçimizin yaşı 30-dan yuxarıdır. Bu amil artıq güləşimizin gələcəyi üçün narahatllq doğurur. Bu həm də Paris olimpiadası üçün bir həyacan siqnalıdır. Növbəti olimpiadaya nə az, nə çox, 3 il qalır. Ortaya bir maraqlı sual çıxır ki, bəs Parisdə güləşçilərimizin uğurlu çıxışı üçün nə etmək lazımdır?Ümumiyyətlə, biz təkcə yaxında olan Paris-2024-ü yox, 2028-ci il Olimpiya oyunları da daxil olmaqla güləşimizin gələcəyini düşünməliyik. Bunun üçün güləşin ümumi inkişaf proqramı olmalıdır. Bu ilk növbədə dövlət proqramı olmalıdır. Necə ki, biz futbolumuzun inkişafı üçün dövlət proqramının həyata keçirildiyinin şahidi olduq. Amma təəssüflər olsun ki, bu proqram futbolumuzun inkişafı üçün gözlənildiyi kimi müsbət irəliləyişə səbəb olmadı. Ona görə ki, proqram işini bilən və futbolumuza canı yanan funksionerlərin, idarəçilərin, mütəxəssislərin əli ilə düzgün istiqamətdə həyata keçirilmədi. Amma inanırıq ki, bu, güləşdə əksinə olacaq. Bunun üçün ilk növbədə güləşin idarəetmə strukturasında, sistemli dəyişikliklər olmalıdır. Təcrübəli mütəxəssislərdən ibarət obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq olan, həmçinin güləşi dərindən bilən, yeni komanda formalaşdırmaq lazımdır. Burada söhbət federasiyanın işinə qarışmaqdan getmir. Federasiyanın özündə də təcrübəli güləş mütəxəssisləri fəaliyyət göstərir. Ümumiyyətlə, idarəetmə sistemində problem təkcə idarəçilərdə olmur. Əgər sistemin özündə problem varsa, idarəedici şəxs nə qədər işini bilən adam olsa da, yenə problem yaranacaq. Və yaxud da sistem doğru olsa belə, idarəedicilər naşı, qeyri-obyektiv, güləşin taleyini yox, cibini düşünən adam olsa, yenə işin nəticəsi müsbətə doğru getməyəcək. Nə də ki, güləşimizin ümumi problemlərinə görə təkcə federasiya məsuliyyət daşımır. Əgər bölgələrdə, klublarda, idman məktəblərində düzgün iş aparılmırsa, millinin heyətinə idmançı verilmirsə, buna görə federasiya günahkar deyil.
Dövlət proqramı necə həyata keçirilməlidir?
Həmin bəhs etdiyimiz dövlət proqramının həyata keçirilməsinin federasiyanın xətti ilə olması mütləq deyil. Bu iş alternativ bir qurum və yaxud da federasiya, nazirlik və Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş bir komandanın fəaliyyəti ilə də həyata keçirilə bilər. Bizə beynəlxalq təcrübə də lazım deyil. Yeri gəlsə biz özümüz beynəlxalq aləmə Azərbaycan güləş standartları tətbiq edə bilərik. Artıq 2021-ci ilin sonlarına yaxınlaşırıq. Bu il demək olar ki, başa çatmaq üzrədir. Təklif edirəm ki, güləşin inkişafı üçün 2022-2028-ci illər üzrə dövlət proqramı həyata keçirilsin. Bunun üçün Milli Olimpiya Komitəsi, Gənclər və İdman nazirliyi və Azərbaycan Güləş Federasiyası birgə təkliflər planı hazırlayıb, nazirlər kabinetinə təqdim edə bilərlər. İnanıram ki, idmana hər zaman diqqət və qayğı göstərən, dövlətimiz və onun başçısı İlham Əliyev eyni zamanda güləşi sevən bir şəxs kimi bu təşəbbüsə də dəstək verəcək.
Ramin Allahverdiyev