Hacı Əliyev şəhid-güləşçi Elnur Mustafayevin məzarını ziyarət edib-VİDEO

Bu gün iki qat Olimpiya mükafatçısı, üçqat dünya və Avropa çempionu Hacı Əliyev bir qrup yeniyetmə güləşçilər və onların məşqçiləri ilə bərabər İkinci Qarabağ Müharibəsi iştirakçısı, şəhid olduqdan sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş Elnur Mustafayevin məzarını ziyarət edib.

Bir qrup şəhidin də yer aldığı kiçik xiyabanda şəhidlərin məzarı üstünə gül dəstələri qoyulub və bütün şəhidlərin ruhuna dualar oxunub.


Hacı Əliyev şəhidin atası Nəcəf Mustafayevə və eyni zamanda bütün şəhid valideynlərini nəzərdə tutaraq belə qəhrəman oğullar böyütdükləri üçün təşəkkür edib. Tokio-2020 Olimpiya Oyunlarının gümüş medal sahibi bildirib ki, ürəyimdən hər zaman keçsə də, amma fiziki olaraq bütün şəhidləri ziyarət etmək imkanım yoxdur. Lakin onlar hamısı bizim qəlbimizdə eyni olaraq yaşayır.

Daha sonra sözügedən şəxslər şəhidin ata ocağını ziyarət edib və onun ev muzeyi ilə tanış olublar.


Xatırladaq ki, şəhid Elnur Mustafayev həm də peşəkar idmançı olub. O, sərbəst güləş üzrə respublika daxili yarışların iştirakçısı və mükafatçısı olub. Elnur beynəlxalq yarışların da iştirakçısı olub. Çox perspektivli idmançı olsa da, uca Allah ona 18 yaşında vətən yolunda şəhid olmağı qismət etdi. Elnur Mustafayev Respublikanın əməkdar məşqçisi Ramin və Zamin Allahverdiyevlərin yetirməsi olub.


Qeyd edək ki, Hacı Əliyev vaxtilə şəhid Elnur Mustafayevin məşq etdiyi idman ocağında qonaq olarkən təsadüfən onunla xatirə şəkli də çəkdirib. Amma bu gün qismət elə gətirdi ki, Hacı Əliyev Elnurun şəhid ocağını ziyarət etdi.
Qeyd edək ki, Hacı Əliyev "Vətən müharibəsi" ərzində də tez-tez cəbhəyə yollanaraq əsgər və zabitlərimizə öz mənəvi dəstəyini nümayiş etdirirdi.

Şəhid Elnurun ailə üzvləri dünya şöhrətli idmançımızı qazandığı bütün uğurlara görə təbrik edib və onlara göstərdiyi diqqət və qayğı üçün minnətdar olublar.


Xatırladaq ki, Elnur Mustafayev 2020-ci ilin oktyabr ayının 29-da Xocavənd rayonu istiqamətində yerləşən "Qırmızı bazar" deyilən ərazidə qəhrəmancasına şəhid olub.


Allah rəhmət eləsin!
Vətən sağ olsun!