Gənclər və idman naziri ADBTİA-nın yeni tədris korpusu ilə tanış olub
Sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli tədris korpusu istifadəyə verilib.
Gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub. Əvvəlcə, Akademiyanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub.
Yeni tədris korpusunda auditoriyalara II Qarabağ müharibəsində ADBTİA-nın şəhid olmuş 13 məzununun adı verilib və ad-soyadları yazılan lövhələr auditoriyaların qapılarına vurulub. Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb.
Rektor Fuad Hacıyev məlumat verib ki, Akademiyanın şəhid məzunlarının adlarına xüsusi təqaüdlər də təsis edilib.
Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb.
Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib və təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.