Azad Rəhimovun xatirə turnirinə start verilib

Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilib.


Məktəblilər arasında təşkil edilən turnirin açılışından oncə, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları II Fəxri Xiyabanda Azad Rəhimovun məzarını ziyarət ediblər. Məzar önünə Gənclər və İdman Nazirliyi adından əklil və gül dəstələri qoyulub.


132-134 saylı Təhsil Kompleksinin akt zalında keçirilən açılış mərasimində əvvəlcə Azad Rəhimov haqda hazırlanmış qısa metrajlı film nümayiş etdirilib. Sonra 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova çıxış ediblər.


Yarış qonaqlarla ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib.


Rəsmi hissədən sonra vaxtilə təhsil aldığı bu məktəbdə Azad Rəhimov üçün yaradılmış xatirə güşəsinə baxış keçirilib.
Qeyd edək ki, bu gün – Azad Rəhimovun doğum günündə startı verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində oktyabrın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.