"Barselona"nın baş məşqçisi Ronald Kuman istefa verib

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi vəzifəsini tərk edib.

Qərar Kataloniya komandasının çərşənbə günü İspaniya çempionatında "Rayo Valyekano"ya səfərdə 0:1 hesabı ilə uduzmasından sonra verilib.

Kuman 19 avqust 2020-ci ildən "Barselona"ya rəhbərlik etməyə başlayıb. Komanda İspaniya çempionatının cari mövsümündə 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Barselona” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 3 oyundan sonra Portuqaliya “Benfika”sına və Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzmaqla yanaşı, Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:0 hesabı ilə qalib gələrək, qrupda üçüncü yerdə qərarlaşıb.

Kuman 2018 - 2020-ci illərdə Niderland millisinə rəhbərlik edib, baş məşqçi kimi “Vitess”, “Ayaks”, PSV, AZ, “Feyenoord”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, İngiltərənin “Everton” və “Sautgempton” klublarında da çalışıb.