Azərbaycan Zəfər Gününü qeyd edir
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bayramınız mübarək!