Güləş üzrə Azərbaycan çempionatı "Paris-2024" üçün nə vəd etdi?

Nəhayət ki, güləş sevərlərin səbrsizliklə gözlədiyi güləş üzrə Azərbaycan çempionatı iki illik fasilədən sonra bərpa olundu. Demək olar ki, ölkənin ən güclü pəhləvanları yarışlara qatılmışdı. Yəni, 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarına potensial namizədlər göz qabağında idi. Ortaya isə belə bir maraqlı sual çıxa bilər - bəs, görəsən bu tsikldan sonra kimsə "Paris-2024" də ölkəmizə qızıl və ya digər əyarlı medallar qazandıra biləcək bir idmançının adını çəkə bilərmi?


Bu suala cavab olaraq sərbəst güləş yarışlarını şəxsən canlı izləyən bir məşqçi kimi öz adıma və eyni zamanda həmkarlarımdan eşitdiyim rəylərə əsasən belə qənaətə gəlib deyə bilərəm ki, xeyr! Düzdür, bəzi cavan bahadırların adını onlara xüsusi simpatiyası olan bir neçə şəxslər çəkirdi. Bunlardan biri sərbəst güləş üzrə çempionatın qalibi Turan Bayramov (74-kq) idi. Amma onu vurğulamaq lazımdır ki, Turan Bayramov çempion olsa da xüsusi bir güləş ustalığı, keyfiyyəti, yaradıcılığı, baxımlılığı və bir sözlə Parisi partlatmaq gücündə olması ilə fərqlənmədi. Buna sübut kimi yarımfinalda veteran illərinə yenicə qədəm qoyan Coşqun Əzimovla texniki xallar hesabına qalib gəldiyi 2:1-lik minimal hesablı qələbəsini qeyd etmək olar. Yəni, özündən xeyli yaşda böyük rəqibi ilə sürətli, dinamik tempdə güləşib keyfiyyətli xallar qazansaydı, onun Olimpiya potensialını qiymətləndirmək olardı. Turan Bayramovun çempionluğuna kölgə salmaq fikrində deyiləm. Ölkə səviyyəsində yaxşı nəticədir və 1-nömrədir. Keçmiş nəticələri də əladır. Amma söhbət ondan gedir ki, Olimpiya oyunlarında medal qazanmaq üçün onun qeyri-adi güləş bacarığı hiss olunmadı. 65-kq çəki dərəcəsində çempion adını qazanan Zirəddin Bayramov da güləş sevərlər tərəfindən alqışlandı. Şəmkir güləş məktəbinin yetirməsinin böyük potensialı olsa da, hazırda onun bu çəkisində Hacı Əliyev kimi usta rəqibinin olmasını unutmayaq. Hərçənd ki, Hacı Əliyev də hələ Olimpiya çempionu olmaq fikrindən əl çəkdiyini konkret bildirməyib. Hər halda Zirəddinin Hacı Əliyev səviyyəsinə çatmasına hələ çox var. Bir də gənc bahadırımızın olimpiadaya qədər çəkisinə nəzarət edə bilməsi də vacib amillərdəndir. Kim bilir, bəlkə də 2024cü ilə qədər güləşçilərimizdə müsbətə doğru dəyişikliklər olacaq. Təki olsun. Amma bu çempionat hazırda yaxın gələcəkdən yaxşı xəbər vermədi. Özü də nəzərə alsaq ki, əvvəlki illərə nisbətən çempionatda çıxış edən və artıq karyeralarının veteran illərini yaşayan, ideal formada olmayan dağıstanlı legionerlər də rəqabəti aşağı salmışdılar. Həmişə olduğu kimi legionerlərin hər xalçaya çıxışı saraydakı yerli publika tərəfindən qısqanclıq və narazılıqla qarşılanırdı. Xüsusilə, bəzi dağıstanlı legionerlərin xalçadakı rəqiblərinə qarşı qeyri-etik hərəkətləri yerli publikanın qəzəbinə tuş gəlirdi. Buna misal olaraq Maqomedxan Maqomedovun(97-kq) 1/4-finaldakı rəqibi, Masallı pəhləvanı Zəfər Əliyevlə görüşdə fit çalmasını, Cəbrayıl Hacıyevin(74-kq) finalda Turan Bayramova qarşı etdiyi kobudluqları qeyd etmək olar. Ümumiyyətlə Cəbrayıl Hacıyev nəinki yarışlarda, hətta yaxın mənbələrin dediyinə görə təlim-məşq toplanışlarında da məşq yoldaşlarına qarşı aqressiv hərəkətlər edir. Görünür ki, onun şəxsi məşqçisi onunla nizam-intizam qaydaları istiqamətində fərdi çalışmağı unudub. Ya da ki, güləşin "Balotelli"si şəxsi məşqçisinin dediklərini qulaq ardına vurur. Hələ bununla belə yenə 5 çəkidə legionerlər qalib adını qazandı. Belə olan halda yenə ümidlər federasiyanın yeni rəhbərliyinin atacağı addımlara qalıb.


Fikrimcə, Azərbaycan Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov və onun komandası təkcə Paris-2024 üçün yox, ümumi Azərbaycan güləşinin inkişafı üçün əllərindən gələni edəcəklər. Düzdür, bu elə də asan olmayacaq. Çünki köhnədən qalan problemlər var. Necə deyərlər, əvvəlcə minalanmış əraziləri minadan təmizləmək lazımdır ki, sonra ərazini rahat əkə biləsən.

Ramin Allahverdiyev, sərbəst güləş üzrə Respublikanın əməkdar məşqçisi.