Dünya kuboku turnirinin birinci günü yarımfinala ilk vəsiqəni qazanan Azərbaycanın komandası oldu

İsveçrənin Sankt Moritz şəhərində keçirilən 37-ci Qarüstü Polo üzrə Dünya kuboku turnirinin ilk turu sona çatıb.
6 komanda arasında keçirilmiş ümumilikdə 3 oyunun nəticəsinə əsasən reytinq xalları üzrə yarımfinala vəsiqə qazanan 4 komanda məlum olub.


Məlumat verildiyi kimi, turun ilk oyununda Azərbaycan təmsilçiləri rəqibə 7-2,5 hesabla qalib gələrək yarımfinala ilk vəsiqə qazanan komanda oldular.


“Clinique La Prairie” komandası ilə “World Polo League” komandası arasında keçirilmiş növbəti oyun 8,5-3 hesabı ilə birincinin xeyrinə bitib. Günün son matçında isə “Badrutt’s Palace” komandası “Casablanca” komandası üzərində 4-1 hesabla qələbə qazanıb.


Turnirin qaydalarına əsasən, ilk günün sonunda qol fərqinə əsasən yarımfinalda iştirak edəcək komandaların rəqibləri reytinq xallarına görə bəlli olub.


29 yanvar tarixində keçiriləcək yarımfinal mərhələsində “Clinique La Prairie” “Casablanca” komandasına, “Land of Fire-Azerbaijan” isə “Badrutt’s Palace” komandasına qarşı oynayacaq.


Azərbaycan klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da keçiriləcək.