Komandamız finala vəsiqə qazandı
İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir.
Azərbaycan Atçılıq Federasiyasının verdiyi məlumata əsasən, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir.
Yanvarın 27-də start götürən yarışda təmsilçimiz bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib. Hesabda geri düşən “Land of Fire” əzmkar geridönüş edərək yekunda 4:2 hesablı qalibiyyət əldə edib. Beləliklə, təmsilçimiz turnirin final matçına vəsiqə qazanıb. Həlledici görüşdə rəqib “Clinique La Prairie” olacaq.
Final matçı yanvarın 30-u, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Azərbaycan komandasının heyətində 4 idmançı yer alır: kapitan Elçin Camallı, Tito Qaudenzi, Adrian Laplaset və Raul Laplaset.
Oyunların keçirildiyi meydanın yaxınlığında Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana həsr olunmuş çadır quraşdırılıb. Milli adət-ənənələrimizə uyğun şəkildə bəzədilən çadırda Azərbaycanın milli mətbəxinin nümunələri, müxtəlif növ şirniyyatlar, ölkəmizin tarixi arxitekturası, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş olunur.