...
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov və onun ailəsi ilə görüşüb.
Nazir bu barədə öz Feysbuk hesabından paylaşım edib. Görüşdə Şəhriyar Məmmədyarovun bacıları Türkan Məmmədyarova və Zeynəb Məmmədyarova, onların atası Həmid Məmmədyarov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və baş katib İlahə Qədimova olub. Fərid Qayıbov sözügedən görüşdən foto bölüşərək yazıb: "Sizcə, nədən danışırıq".
Azərbaycan Şahmat Federasiyasının (AŞF) yaydığı məlumatda isə bildirilir ki, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova yaradılan şəraitdən danışıb.
O deyib ki, burada eyni vaxtda 30 uşaq şahmatla məşğul ola bilər.Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi balacalara və yeniyetmələrə şahmatın sirrlərini tədris etmək, gələcəkdə yığmada komandada çıxış edəcək yeni adların üzə çıxmasına dəstək olmaqdır.
Şəraitlə tanış olan nazir uşaqların hazırlığı ilə maraqlanıb. F.Qayıbova məktəbin yetirmələrinin ilk uğurları barədə məlumat verilib. Bildirilib ki, “Məmmədyarovlar” məktəbinin yetirmələri aşağı yaş qrupları üzrə Respublika birinciliklərində uğurla çıxış edir.
F.Qayıbovla görüş zamanı qarşıdakı planlar barədə müzakirələr aparılıb, fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub.
Sonda ona və M.Məmmədova xatirə plaketləri tədqim olunub.
Qeyd edək ki, “Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır. Məktəbə Zeynəb Məmmədyarova rəhbərlik edir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov son olaraq "Tata Steel Chess"də 13 oyundan 8 xalla ikinci olub.