Fərid Qayıbov Naxçıvan Muxtar Respublikasında səfərdə olub
Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 fevral tarixlərində Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Səfərin ilk günündə əvvəlcə Naxçıvan şəhərində ümumilli lider Heydər Əliyevin abidəsi qarışısına gül qoyulub, əziz xatirəsi yad edilib. Sonra qonaqlar Heydər Əliyev muzeyində olublar, burada Ulu Öndərin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, şəxsi əşyalarına, həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Daha sonra nazir Fərid Qayıbov, nazir müavinləri Mariana Vasileva, Fərhad Hacıyev, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezidenti, Naxçıvan MR Şahmat Federasiyasının sədri Seymur Talıbov, AŞF-nin baş katibi İlahə Qədimova Naxçıvan şəhərində keçirilən şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimində iştirak ediblər.
Açılışdan sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüş olub. Görüş zamanı Naxçıvanın idman həyatı və gənclər siyasəti sahəsində görülən işlər müzakirə edilib.
Səfərin ikinci günündə Fərid Qayıbov fəal gənclər və idman ictimaiyyəti nümayəndələri ilə görüşüb. "Naxçıvan" Universitetində keçirilən görüşdə nazir müavinləri Mariana Vasileva, Fərhad Hacıyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Naxçıvan MR Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev də iştirak ediblər.
Diskussiya xarakterli tədbirdə gənclərin sualları cavablandırılıb. İştirakçıların fikir və təkliflər dinlənilib, həmin mövzular və istiqamətlər üzrə müzakirələr aparılıb.
Fərid Qayıbov səfər çərçivəsində Ağbulaq Xizək Mərkəzi, Naxçıvan Şahmat Mərkəzi, Naxçıvan Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbi, Naxçıvan Gənclər Evi, Gənclər Mərkəzi, Şərur Olimpiya İdman Kompleksi və Uzunoba Təlim-Məşq İdman Kompleksində olub, fəaliyyətləri ilə tanış olub. İdman qurğularında güləş, cüdo, gimnastika, futbol, üzgüçülük və digər növlər üzrə bölmələrin məşq proseslərini izləyib. Yeniyetmə və gənc idmançılarla görüşüb, məşqçi-mütəxəsislərlə fikir mübadiləsi aparıb.