Fərid Qayıbov federasiyalara çağırış edib
İlin ilk ayında Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış ediblər.
Bu barədə Fərid Qayıdov gənclər və idman naziri kimi fəaliyyətinin 5-ci ayının tamamına həsr etdiyi yazısında bildirib.
O qeyd edib ki, güllə atıcılığı, qadın güləşi, cüdo, qılıncoynatma, atletika, qarüstü polo, şahmat və sumoda qazanılan qələbələr gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verir.
Nazir yeni ilin dinamik başladığını vurğulayıb: "İlk günlərdən gənclərlə iş, idman yarışlarının təşkili, federasiyalarla əməkdaşlıq, regionlarda yaşayan gənclərin inkişafı istiqamətlərində işlər aparılır. Həyat göstərir ki, yeni şərait yeni qaydalar yaradır, lakin nizamlı olmaqla nəzərdə tutulan planları davam etdirmək mümkündür".
Hesabat dövrü ərzində gördüyü işlərdən söz açan Qayıbov gənclər və idman sahəsi ilə bağlı keçirdiyi görüşlər və bölgələrə səfərləri haqqında danışıb.
Xüsusən, Naxçıvandakı Ağbulaq Xizək Mərkəzinin potensialından gələcək qış olimpiyaçılarının yetişməsi üçün səmərəli istifadə etməyin mümkünlüyünə diqqət çəkən nazirin sözlərinə görə, regionlarda idmanın inkişafına diqqəti artırmaq əsas prioritetlərdəndir: "İdman federasiyalarımızın bu çağırışa qoşularaq bölgələrdə bölmələrin və yarışların təşkilinə diqqəti artırması kütləviliyə də təkan verə bilər".
Nazir nəticə əldə etmək üçün yaxşı başlanğın olduğunu da vurğulayıb: "Realist baxışlar, obyektiv təhlil, səmərəli müzakirələr, ardıcıl planlar. Həmçinin dövlətin dəstəyi, mütəxəssislərin təcrübəsi, gənclərin və idmançıların potensialı. Elə isə bu işin də öhdəsindən birlikdə gələcəyik".