Şəhriyar Məmmədyarov FIDE reytinqində irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
İlk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
2 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2776 xalla 7-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbovun mövqeyində dəyişiklik olmayıb. 2 753 xala malik 35 yaşlı qrossmeyster 14-cü sırada qalıb.
Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2656) 80-ci olub.
Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2454) bir sıra geriləyərək 25-ci, Gülnar Məmmədova (2387) 4 pillə irəliləyərək 64-cü, Xanım Balacayeva isə (2 376) 2 pillə irəliləyərək 77-ci yerdədir.