Cavid Hüseynovun məhkəməsi davam etdirildi
Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
Olimpsport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə ötən proses vəkil Adəm Məmmədovun vəsatəti əsasında əlavə şahid qismində "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı və Zəfər Şərifov ifadə verib.
Klub meneceri ifadəsində bildirib ki, hadisə olan gün jurnalistlər ondan açıqlama istəyib. Hadisədən də həmin an xəbər tutub. Daha sonra Cavidə zəng edib və birlikdə xəstəxanaya, R.Əliyevin yanına gediblər: “Xəstə ilə danışdıq, vəziyyəti yaxşı idi. Deyirlər, guya biz həkimə pul təklfi eləmişik. Həmin gün Rasimdən başqa heç kimlə görüşməmişik. Belə bir şey olmayıb. Hətta xəstəxanadan çıxanda Rasimin Aydın adlı dostuna nömrəmi verdim ki, problem olsa, zəng edə bilər”.
Polis əməkdaşı Rasim Bağırov ifadəsində deyib ki, C.Hüseynov Şamaxıda polis postunda saxlanılıb və Səbael rayonu, 8-ci bölməsinə təhvil verilib.
Daha sonra C.Hüseynov məhkəmədə sərbəst çıxış edib. O bildirib ki, Rasimin dostu Aydın Mahmudovun ötən prosesdə verdiyi ifadəsində ziddiyyət var. “Aydın deyir ki, guya mən onlara pul təklif eləmişəm ki, polisə məlumat verməsinlər. Belə bir şey olmayıb. Səbuhi Allah şahididir, yanımda idi. Həmin ifadənin sübutlar siyahısından çıxarılmasını istəyirəm”.
Məhkəmə ziddiyətləri ortadan qaldırmaq üçün A.Mahmudovun növbəti prosesə gəlib ifadə verməsi barədə qərar çıxarıb.
Növbəti proses mayın 11-də davam edəcək.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.