Güləşdə həmişə yerin görünür, cənab insan!
Sərbəst güləş üzrə böyüklərdən ibarət millimizin sabiq baş məşqçisi Firdovsi Umudov güləşdəki vəzifəsindən getsə də, güləş aləmində həm də bir insan kimi ad qoyub gedib.
Elə bu səbəbdən də onu hamı qayğıkeş bir insan kimi xatırlayır, ona öz sədaqətini göstərir. Firdovsi Umudov baş məşqçi işlədiyi dönəmlərdə heç kimin qəlbinə dəyməyib. Bacardıqca hamının köməyinə çatıb, heç kimi millinin qapısında geri qaytarmayıb. O, millinin üzvü olmayan perspektivli idmançılara məşq üçün həmişə şərait yaradıb və məhz o idmançılar tezliklə millinin üzvü olublar. Firdovsi Umudov cibinin pulu ilə çox idmançıya qayğı göstərib və heç vaxt etdiklərini dilə gətirməyib. Amma bütün bunların şahidi olmuş bir insan kimi bu xeyirxah şəxsin etdiklərini dilə gətirməyi özümə borc bilirəm. Firdovsi Umudov təkcə məşqçi olmayıb. O, güləşçilərə həm ata, həm qardaş, həm də dost olub. Bunun əyani sübutudur ki, onun dövründə bir çox uğurlara imza atan Hacı Əliyev, Cəbrayıl Həsənov kimi digər güləşçilərimiz ona hər zaman baş çəkir, sədaqət göstərir və ən azı bir vəfa borclarını ödəyirlər.
Həqiqətən də insanlıq peşə vəzifəsindən üstün olmalıdır ki, bir gün vəzifən olmayanda insanlıq rütbəni itirməyəsən.