U-15 sərbəst güləş üzrə Respublika turniri keçirildi
Füzuli şəhərində mayor Elnur Əliyevin anadan olmasının 46-cı il dönümünə həsr olunmuş 15 yaşadək sərbəst güləşçilər arasında Respublika turniri keçirilib.
Olimpsport.az-ın məlumatına görə, yarışda 10-dan çox komandanın ümumilikdə 150-dən çox idmançısı iştirak edib. Komanda hesabında 1-ci yerə Füzuli, 2-ci yerə Cəlilabad, 3-cü yerə isə Turan İdman Klubu layiq görülüb.
Sevindirici haldır ki, 44 kq çəki dərəcəsində şəhidin oğlu Elxan Əlizadə bütün rəqiblərinə qalib gələrək 1-ci yerə çıxıb. O, öz açıqlamasında öz atasına həsr olunmuş turnirdə iştirak etdiyinə və qalib gəldiyinə görə qürur duyduğunu bildirib.
Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilən turnirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Aliyev, millət vəkili Vüqar Bayramov, Elnur Əliyevin qardaşı, polkovnik-leytenant Amid Əliyev, yarışın təşkilatçısı, güləş üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev çıxış ediblər. Onlar gələn qonaqları salamlayıblar və yarışın təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər.