Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti medalı qazanıb.

97 kq-da çıxış edən Arif Niftullayev fəxri kürsüyə qalxıb.

Bürünc medal görüşündə İtaliya təmsilçisi Nikolos Kakelaşviliyə 2:1 hesabı ilə qalib gələn idmançı dünya üçüncüsü olub.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının mundialda qazandığı medalların sayı 5-ə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, sentyabrın 13-də Azərbaycanın daha 3 təmsilçisi dünya çempionatında mükafat qazana bilər. Təsəlliverici görüşlərdə yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) Yustias Petraviçyus (Litva) / Ahmed Mahmud (Misir) cütünün qalibi, Sabah Şəriəti (130 kq) Alimxan Sidikovla (Qazaxıstan) qarşılaşacaq. Qadın güləşçilərdən isə Tatyana Omelçenko (62 kq) Xiaojuan Luonu (Çin) sınağa çəkəcək.