Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb
Azərbaycanın 4 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
70 kq-da çıxış edən Coşqun Əzimov startda Temuulen Enxtuyaya (Monqolustan) uduzub. Rəqib finala çıxmaq şansını itirdiyindən, Azərbaycan təmsilçisi mundialla vidalaşıb.
79 kq-dakı Əşrəf Aşırov 1/16 finalda Erik Reinboka (Estoniya) qalib gəlsə də, növbəti mərhələdə Vasil Mixaylovla (Ukrayna) bacarmayıb. Ukrayna güləşçisi finala adlasa, Aşırov təsəlliverici görüşlərə qatılacaq.
86 kq-da yer alan Abubakr Abakarov təsnifat mərhələsində Həsən Zəkəriyevlə (Ukrayna) dueldən qalib ayrılsa da, 1/16 finalda Tarzan Maysuradzeyə (Gürcüstan) məğlub olub.
125 kq-dakı Aydın Əhmədov isə təsnifatda Den Çjiveyə (Çin) uduzub. Çinli idmançı 1/16 finalda mübarizəni dayandırdığından, Əhmədov üçün dünya çempionatı vaxtından əvvəl başa çatıb.
Bu gün həmçinin qadın güləşçi Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə Alina Akobia (Ukrayna) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.