Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Milli üzvlərindən 54 kq-da çıxış edən Məhəmmədəli Aşurəliyev Armandas Kreqzde (Litva) ilə qarşılaşıb. Gərgin keçən döyüşdə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesablı ilə məğlub edən idmançı növbəti raunda adlayıb. O, yarımfinala gedən yolda Artur Avetikyanla (Ermənistan) üz-üzə gələcək.

57 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/8 finalda Nik Smirnova (Almaniya) 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti görüşünü Kallum Karragerə (İrlandiya) qarşı keçirəcək.

66 kq-da Ziya Həsənov isə qələbəni vaxtından əvvəl təmin edib. O, Stefan Ananyevi (Estoniya) II raundda tam üstünlüklə məğlub edib. Həsənov 1/4 finalda Pavel Urbanskini (Polşa) sınağa çəkəcək.

Bununla da, Avropa çempionatında 1/4 finalda mübarizə aparacaq Azərbaycan boksçularının sayı 9-a çatıb. Aşurəliyev, Qasımzadə və Həsənovdan başqa, Faiq Mollayev (46 kq), Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) da yarımfinala vəsiqə uğrunda döyüşəcək.

Qeyd edək ki, yarışda 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı mübarizə aparır.