Şəhid İsrayıl Cəfərzadənin xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib

Oktyabrın 2-də şəhid İsrayıl Cəfərzadənin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə U-15  Birinci Respublika turniri keçirilib.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Azərbaycandakı rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə keçirilən yarışda  100-ə yaxın idmançı qüvvəsini sınayıb.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılova verilib. AİPS və AİJA-nın birgə əməkdaşlığından söz açan Eldar İsmayılov il ərzində şəhid xatirələrinə həsr etdikləri silsilə tədbirlərdən söz açıb. Yarışın açılış mərasimində Şəhid İsrayıl Cəfərzadənin əmisi Cəfərov Məqatil şəhidin ailə üzvləri adından yarışın təşkilatçılarına göstərdikləri diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib. 

Sonda çıxış üçün söz yarışın baş hakimi, əməkdar məşqçi Tural Əliyevə verilib. Beynəlxalq dərəcəli hakim Tural Əliyev il ərzində 4 şəhid xatirəsinə həsr olunmuş yarışların baş hakimi olmasından məmnunluq hissi keçirdiyini ifadə edib. Daha sonra Tural Əliyev yarışı açıq elan edib.

Qeyd edək ki, Şəhid İsrayıl Cəfərzadə ilə çiyin-çiyinə döyüşüb şəhid olmuş dostları İqbal Astanlının və Əkbər Hüseynovun ataları, İlqar Astanov və Bahadur Hüseynov da yarışda fəxri qonaq kimi iştirak ediblər.

Xatırladaq ki, yarışın sonunda yer tutmuş idmançılar təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Komanda hesabında isə "Şağan" 1-ci, Abşeron 2-ci, ROİL 3-cü yerə layiq görülüb.