İkiqat Olimpiya çempionu investisiya fondu yaradıb
Basketbol dünyasının əfsanələrindən biri Kobi Brayant karyerasını bitirəndən sonra yeni investisiya fondu yaradıb.
Olimpsport.az xəbər verir ki, 100 milyon dollar büdcəsi olan fond mediakommunikasiya, texnologiya və informasiya ilə əlaqədar şirkətlərə dəstək verəcək.
Bu işdə onun tərəfdaşı məşhur investor Ceff Stibel olub. Elə bu səbəbdən fondun adı “Brayant Stibel” qoyulub. Yeni açılan fond artıq aralarında məşhur brendlər də olan 15 şirkətin hesabına maliyyə yatırıb.
Kobiylə bağlı daha bir xəbər var. Belə ki, Los-Anceles şəhərinin rəhbərliyi avqustun 24-nü Kobi Brayant günü kimi elan edib. Niyə məhz 24? Ulduz basketbolçu vaxtilə “Los-Anceles Leykers”də məhz 24 və 8 nömrəli formanı geyinib.
37 yaşlı “Mamba” 20 illik karyerasını ötən mövsüm başa vurub. Bütün karyerasını “Leykers”də keçirən Kobi 5 qat MBA çempionudur (2000, 2001, 2002, 2009, 2010). O, ardıcıl 18 dəfə MBA ulduzlarının görüşündə iştirak edib, 4 dəfə bu oyunların ən yaxşısı seçilib. ABŞ millisinin heyətində ikiqat Olimpiya çempionudur (2008, 2012).