Pakistanda “Sülh və idman” beynəlxalq konfransı keçirilir
"Ey idman, sən sülhsən!". Müasir Olimpiya hərəkatının banisi Baron Pyer de Kuberten idmana vurğunluğunu belə ifadə edib. Dünyamızda milyonlarla insanın müharibə dəhşətlərindən əziyyət çəkdiyi vaxtda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) milli subyekti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) ölkəmizdə təntənə ilə qeyd edilən 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr etdiyi layihənin leytmotivi də elə unudulmaz idman fədaisinin bu məşhur kəlamı olub.
AİJA-nın “İdman və sülh” devizi ilə Bakının “Hədəf” liseyində keçirdiyi ilk tədbir “Azərbaycan uşaqları dünyaya sülh mesajı verir” başlığı ilə, elə həmin gün martın 5-də həm AZƏRTAC, həm də Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının rəsmi saytında yayımlanıb. Bir ay sonra AİJA “İdman və sülh” layihəsinin Bakı Avropa Liseyində davam etdirilməsi barədə ətraflı informasiya eyni kanallarla operativ qaydada dünyaya bəyan edildi. Ölkəmizin və müxtəlif ölkələrin populyar saytları, telekanalları, qəzet və jurnalları da bu məlumatı tirajlayıblar.
AİJA-dan AZƏRTAC-a bildiriblər ki, Pakistan İdman Şərhçiləri Federasiyası - Pakistan Sportswriters Federation (PSWF) Azərbaycandakı həmkarlarının müasir dünyamız üçün zamanında təqdim etdikləri bu layihəsindən ruhlanaraq “Sülh və idman” beynəlxalq konfransına start verib.
Oktyabrın 30-dan noyabrın 2-dək Pişəvər şəhərində davam edəcək bu tədbirə Azərbaycandan, Rumıniyadan, Malayziyadan, Səudiyyə Ərəbistanından, Nepaldan, Əfqanıstandan, Perudan, Koreyadan və digər ölkələrdən nümayəndələr qatılıb. Ölkəmizi bu tədbirdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov və AİJA-nın birinci vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqı AİPS Avropa İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə təmsil edirlər.
AİPS-in prezidenti Canni Merlo, onlarla ölkədən məşhur qələm və söz adamları konfransa özlərinin video təbriklərini göndəriblər.
Tədbirin ilk günü maraqlı görüşlər, təqdimetmələr, çıxışlarla yadda qalıb. Pişəvər hava limanında qonaqları PSWF prezidenti, AİPS Avropanın baş katibi, AİPS İcraiyyə Komitəsinin üzvü Amjad Aziz Malik, təşkilatın vitse-prezidenti Nasar İqbal, baş katibi Zahid Farooq Malik salamlayıblar.
“İnter-Continental Pishawar Hotel”də qısa tanışlıqdan sonra nümayəndələr Pişəvərdə şəhər administrasiyasının və Çin Xalq Respublikasının ölkədəki səfirliyinin dəstəyi ilə yaradılan Asiya İdman Mətbuatı İttifaqının AİPS-in ASİA və PSWF-nin mənzil qərargahının – ofisinin açılış mərasimində iştirak ediblər. Qərargahın girişində nümayəndələrin fərdi bannerləri diqqət çəkib. Pakistanlı gənc reportyorların təlim otağında onlara sertifikatları AİPS-in ASİA prezidenti Hee-Don Jung təqdim edib. Sonra ofislə tanışlıq başlayıb. Nümayəndələr kabinetləri gəziblər, orada yaradılan gözəl iş şəraiti ilə tanış olublar.
“Sülh və idman” beynəlxalq konfransının təşkilinə Pakistan dövləti, ölkənin idman rəhbərliyi, Müdafiə Nazirliyi dəstək olub. Odur ki, nümayəndə heyətini yollarda hərbçilər müşayiət edib.
Pakistan-Əfqanıstan sərhədindəki zastava ilə tanışlıq tədbirlər planına daxil edilib. Münasib nöqtədə uca dağ silsiləsində dəniz səviyyəsindən 1000–4000 metr yüksəklikdəki müxtəlif hərbi postlara buradakı geniş panoramlı müşahidə məntəqəsindən asanlıqla nəzarət etmək mümkündür. Sərhəd zastavasının rəisi nümayəndələrə bu barədə geniş məlumat verib. Zabitlər evində nahardan sonra açıq havada milli rəqslər nümayiş etdirilib.
Pişəvərin bir əsrdən artıq yaşı olan İslamiyyə Kolleci ilə tanışlıq da maraqlı olub.
Tədbirin birinci günü bir sıra başqa görüşlər təşkil edilib.