"Rəqəmsal İdman Jurnalistikası" təlimi başa çatıb-AİJA
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) tamhüquqlu üzvü və ölkəmizdə yeganə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AIJA) ilə Pakistan İdman Yazarları Federasiyasının (PSWF) birgə təşkilatçılığı ilə keçirilən "Rəqəmsal idman jurnalistikası" mövzusunda beşgünlük ödənişsiz beynəlxalq treninqə yekun vurulub.
AIJA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə ölkəmizlə yanaşı Pakistan, Əfqanıstan, Şri-Lanka, Nepal və digər ölkələrdən ingilis dilini bilən 100-dən çox idman jurnalisti və jurnalistika fakültələrinin tələbələri iştirak ediblər.
Təlimdə dünyanın ən qocaman jurnalist təşkilatı, gələn il yaranmasının 100 illiyini qeyd edəcək AIPS prezidenti, dünyaca tanınmış “La Gazetta dello Sport” qəzetinin yaradıcılarından biri və əməkdaşı Canni Merlo (İtaliya), AIPS-in birinci vitse-prezidenti Esat Yilmaer (Türkiyə), “AIPS Europe”nin prezidenti Çarlz Kamenzuli (Malta), “AIPS Asia”nın prezidenti Hee Don Jung (Koreya), PSWF-nin prezidenti, “AIPS Asia”nın baş katibi, AIPS İcraiyyə Komitəsinin üzvü Amjad Əziz Malik (Pakistan), dünyaca məşhur idman jurnalisti, AIPS Futbol Komissiyasının sədri, “World Soccer” jurnalının yazarı Keyr Rednec (Böyük Britaniya), Şri-Lanka İdman Jurnalistləri Assosiasiyasının prezidenti Ramkrrish, AIJA-nın birinci vitse-prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə (Azərbaycan), İctimai Televiziyadan Elnur Əliyev (Azərbaycan) və başqaları öz fikir və mülahizələrini söyləyib, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Treninqdə iştirak edənlərə beynəlxalq sertifikatlar veriləcək, fərqlənənlərdən bir qrupu isə 2023-cü ilin martında ölkənin aparıcı media qurumlarında 5 günlük təcrübə üçün səfər xərcləri qarşılanmaqla Pakistanın paytaxtı İslamabada göndəriləcək.
Treninqin əhatə etdiyi coğrafiyaya və təlimçilərin səviyyəsinə görə bu, AIJA-nın Azərbaycan milli mətbuatı və jurnalistikasının 147 illik tarixində ölkəmizin idman jurnalistikasında reallaşdırdığı ən möhtəşəm layihələrdən biridir.
Beynəlxalq treninq başlamazdan əvvəl Azərbaycan Gənclər və İdman Nazirliyi və Mətbuatın İnkişafı Agentliyi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AIJA tərəfindən məlumatlandırılıb.