Güləşimizdə hakimlik problemi
Bildiyiniz kimi bir neçə gündür ki, U-20 və U-17 yaş kateqoriyaları arasında ölkə birincilikləri start götürüb. Yarış haqda fikir bildirməkdən öncə biraz haşiyə çıxmaq istəyirəm.
Onsuzda son illər Azərbaycan güləşində qeyri-stabillik davam edir. Struktur dəyişikliyi, məşqçi dəyişikliyi və bir sözlə güləşin inkişafı üçün bir sıra addımlar atılmağa başlayıb. Amma nədənsə inkişafa bir başa öz təsirini göstərən hakimliklə bağlı hələ də ciddi bir addımlar atılmayıb. Bəli, ilk baxışdan inkişaf deyəndə çoxlarının ağlına dərhal güləşin qayğısına qala biləcək rəhbərlik, infrastruktur, sosial problemlər, kütləvilik, təcrübəli mütəxəssislər və s. gəlir. Amma unutmayaq ki, idmanın inkişafında əsas rol oynayan amillərdən biri də hakimlikdir. Hakim bir idmançının karyerasına bir dəfəlik son qoya biləcək şəxsdir. Təsəvvür edin ədalətsiz bir qərar verməklə idmançı psixoloji olaraq öz sənətindən küsüb ayrıla bilər. Və yaxud da ümidini Azərbaycan çempionu olub daha sonra Beynəlxalq arenada uğur qazanıb karyerasını davam etdirmək istəyən hərbi xidmət və ali məktəbə daxil olmaq dövrü yaxınlaşan 16-17 yaşlı bir idmançı bir haqsız hakim qərarı ilə karyerasına son qoya bilər. Çünki, idmanda olanlar yaxşı bilirlər ki, qitə və dünya birinciliklərində yer tutmuş idmançılara dövlətimiz tərəfindən müəyyən güzəştlər olunaraq onların ali məktəbə daxil olunmasına şərait yaradılır. Bu da o deməkdir ki, idmançı parlayan dövründə onun öz potensialını üzə çıxarmaq üçün daha 4 il imkanı olur. 4 il yəni idmançı öz yaşında mübarizə apara bilər. Amma yuxarıda qeyd etdiyim kimi hakimin bir haqsız qərarı istənilən perspektivli bir idmançını Kəlbəcərə, Laçına, dağlıq ərazilərə əsgərliyə, digərini isə dünya səyahətinə göndərə bilər.
Düzdür, 30 il erməni işğalında qalan torpaqlarımızı 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şəhidlərimizin, qazilərimizin və qəhrəman oğullarımızın öz canları və qanları hesabına azad etdikləri ərazilərimizdə vətənə xidmət etmək istənilən çempionluqdan daha şərəflidir. Amma söhbət ondan gedir ki, dünya və Avropa birinciliklərində daha layiqli olan idmançı çıxış etdikdən sonra da hərbi xidmətə yollanıb vətənə olan borcunu ödəyə bilər. Hamıya bəllidir ki, çox nadir hallarda hərbi xidmətdən qayıdan idmançılar karyeralarını davam etdirə bilirlər.
Yazının ardı var...