Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub

"Olimpsport" AZƏRTAC-a istinadən xəbər verir ki, yığmamız Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq. Komanda müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin çalışdırıcılarına həvalə edilib.

"Krakov-2023"də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayev və Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.

Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaq. Azərbaycan üçüncü Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Yarışda Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) gücünü sınayacaq.

Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakim kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.

Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Günel Sarıyeva