Milli komandanın futbolçusu Avropa çempionatında yeni rekordlara imza atıb

Andorra millisinin futbolçusu İldefons Lima Avropa çempionatları tarixində yeni rekordlara imza atıb.

“Olimpsport” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, veteran müdafiəçi seçmə mərhələlər də nəzərə alınmaqla 7 müxtəlif Avropa çempionatında iştirak edən ilk oyunçu olub.

O, AVRO-2024-ün seçmə mərhələsində İsveçrə (1:2) ilə qarşılaşmada bunu reallaşdırıb. Lima 1998-ci ildən etibarən bütün qitə birinciliklərinin seçmə mərhələsində meydana çıxıb.

Müdafiəçi həm də turnir tarixinin ən yaşlı oyunçusu ünvanına yiyələnib. Andorra millinin üzvü 43 yaş 188 günlüyündə çıxış etməklə bunu bacarıb.

Limanın qırdığı digər rekord millidə ən uzun müddət yer almaqdır. Futbolçu 25 ildən çox yığma formasını geyinən ilk oyunçu kimi tarixə düşüb.