Burak Yılmaz "Beşiktaş"a qayıdır!
Ölkəsində 4 böyük komandada çıxış edən hücumçu futbolçu Burak Yılmaz ötən günlərdə futbolu tərk etdiyini açıqlamışdı.
"Olimpsport" "CNN TÜRK"ə istinadən xəbər verir ki, karyerasında son dəfə "Fortuna Sittard" üçün tər tökən sabiq milli futbolçunun yeni ünvanı azarkeşləri coşdurub.
Karyerası boyunca “Beşiktaş”, “Trabzonspor”, “Fənərbaxça”, “Qalatasaray”, “Lill” kimi önəmli komandalarda iştirak edən Burak Yılmaz son olaraq “Fortuna Sittard”da oynayıb. Hollandiya Liqa komandası ilə uzunmüddətli müqavilə imzalayan sabiq milli futbolçu işlər gözlənildiyi kimi getmədikdən sonra ayrılmaq qərarına gəlib.
Ötən ilin iyununda müqavilə bağladığı “Fortuna Sittard”la 27 oyun keçirən Burak Yılmaz 9 qol vurub. Bu yaxınlarda mətbuata açıqlama verən Burak Yılmaz futbolçu karyerasını bitirdiyini açıqlayıb.
"Fortuna Sittard"dan ayrıldıqdan sonra bir müddət əvvəl futbolla vidalaşan Burak Yılmaz "Beşiktaş"a qayıdır. Keçmiş milli ulduzun keçirdiyi görüşlərdə "Beşiktaş"la anlaşdığı bildirilib.
Qeyd edək ki, Burak Yılmaz yeni mövsümdə baş məşqçi Şenol Günəşin köməkçisi vəzifəsini icra edəcək.