AVF “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirib
Azərbaycan Voleybol Federasiyası (AVF) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirib.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, marafonda gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov, qadınlardan və kişilərdən ibarət yığma komandaların üzvləri, yeniyetmə, gənc və veteran voleybolçular, digər növlərlə məşğul olan idmançılar, nazirliyin və federasiyasının əməkdaşları, media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Qaçış Dənizkənarı Bulvarda yerləşən “Dəniz Mall”un qarşısından start götürüb. Marafonçular oradan Bayraq meydanına və geriyə olmaqla, ümumilikdə 5 km məsafə qaçıblar. Daha sonra “Dəniz Mall”un qarşısında qurulmuş voleybol meydançalarında milli voleybolçular və şəhər sakinlərinin iştirakı ilə simvolik yarış keçirilib. Orada, həmçinin marafon iştirakçıları və qonaqlar üçün voleybol oyunları və müxtəlif əyləncəli şoular təşkil olunub.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin voleybolun paytaxtda və bölgələrdə inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqları çərçivəsində təşkil olunub. Marafon Azərbaycanda voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb olunmasına xidmət edir.
AVF-in belə tədbirlərinin paytaxtla yanaşı, bölgələrdə də təşkili nəzərdə tutulur.