Rusiyada oynayan futbolçu Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir
Rusiyanın "Rodina" komandasında çıxış edən Ruslan Fişenko Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir.
"Olimpsport" xəbər verir ki, bu barədə klubun idman direktoru Aleksey Zinin "Sport24.ru" saytına açıqlama verib.
O, məsələni 23 yaşlı yarımmüdafiəçi ilə müzakirə etdiklərini bildirib: "AFFA həqiqətən belə bir təkliflə ona müraciət edib. Futbolçu bu barədə dərhal bizə məlumat verdi. Bu, Fişenkonun şəxsi qərarıdır. Düşünürəm ki, tələsməyəcək. Bir-iki həftədən sonra yenidən bu mövzuya qayıdacağıq".
Zinin oyunçunun seçiminə hörmətlə yanaşacaqlarını söyləyib: "Bu, onun həyatı və şəxsi prioritetləridir. Fişenko Azərbaycan vətəndaşlığını qəbul etsə, "Rodina"dan göndərilməyəcək. Bu barədə söhbət belə getmir".
Qeyd edək ki, Ruslan Fişenkonun atası azərbaycanlıdır. O, Rusiyada "Veles" və "Ufa" komandalarının da formasını geyinib.