Dünya çempionatının açılış matçı Yeni Zelandiyada ən çox tamaşaçı toplayan oyun olub
Yeni Zelandiyada keçirilən qadın futbolçular arasında dünya çempionatında yerli milli komanda ilə Norveç yığması arasında keçirilən açılış matçı (1:0) ölkə futbolu tarixində ən çox tamaşaçı toplayan oyun olub.
"Olimpsport" xəbər verir ki, bu barədə jurnalist Asif Burxan tviterdəki səhifəsində bildirib.
Yeni Zelandiya – Norveç görüşünü 42 min 137 tamaşaçı izləyib. Bu nəticə 2017-ci ildə kişi futbolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Vellinqton şəhərində keçirilən oyuna məxsus rekordu qırmağa imkan verib. Həmin vaxt Peru millisi ilə oyuna 37 min 34 tamaşaçı gəlmişdi.
Qeyd edək ki, Yeni Zelandiya və Avstraliyanın birgə ev sahibliyi etdiyi mundial avqustun 20-dək davam edəcək. Son dünya çempionu ABŞ millisidir. Komanda, həmçinin çempionatın tarixində ən çox qalib olan kollektivdir. ABŞ seçməsi dörd dəfə dünya çempionu olub.