İngiltərə Premyer Liqası: Londonda matç heç-heçə bitib
İngiltərə Premyer Liqasının birinci turunun mərkəzi qarşılaşması paytaxt Londonda baş tutub.
"Olimpsport" xəbər verir ki, “Çelsi” doğma meydanda “Liverpul”u qəbul edib.
“Qırmızılar”ın üstünlüyü ilə başlayan matçda hesab 18-ci dəqiqədə açılıb. Luis Dias misirli Məhəmməd Salahın dəqiq ötürməsindən sonra mersisaydlıları irəli çıxarıb. 29-cu dəqiqədə Salah topu qapıya göndərsə də, lakin VAR-a baxıldıqdan sonra qol ofsayd səbəbindən ləğv edilib. Birinci hissənin sonlarına doğru “zadəganlar”ın təzyiqi artırması hesaba da yansıyıb. 36-cı dəqiqədə “mavilər”in yeni müdafiəçisi Aksel Disasi hesabı bərabərləşdirib. 39-cu dəqiqədə Ben Çiluell qapıçı Alissonu məyus etsə də, VAR-a baxıldıqdan sonra qol ləğv edilib.
Oyunun qalan vaxtı London klubunun üstünlüyü ilə keçib, lakin tərəflərdən heç biri fərqlənə bilməyib. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, ötən mövsüm “Liverpul” Premyer Liqanı 5-ci pillədə bitirib. “Qırmızılar” bu il Avropa Liqasında çıxış edəcəklər. “Çelsi” isə Premyer Liqada tarixinin ən pis mövsümlərindən birini keçirib. Belə ki, komanda çempionatı 44 xalla 12-ci pillədə yekunlaşdırıb.