"Yenidən yığmada olduğum üçün isə şadam" - Messi

“İkinci hissəni azlıqda keçirsək də, əsl qələbə ruhu göstərdik. Nəticədə hesabı sona qədər qoruyub saxlamağı bacardıq”. Olimpsport.az saytı xəbər verir ki, bu sözləri Argentina yığmasının kapitanı Lionel Messi deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gecə Uruqvayla qarşılaşan cənubi amerikalılar məhz Messinin yeganə qolu sayəsində meydandan 3 xalla ayrılıblar.

 

Matçdan sonra yerli mətbuata açıqlamasında fikirlərini bölüşən “Barselona”nın hücumçusu Argentina yığmasına qayıdışını belə şərh edib: “Baş məşqçi və yığmadakı komanda yoldaşlarımla danışdıqdan sonra milliyə qayıtmaya bilməzdim. Əslində Amerika Kubokunda çox yaxşı oynamışdıq. Düzdü, finalda uduzduq. Həmin vaxt bütün komanda məyus idi. Hamımız zərbə almışdıq. Yenidən yığmada olduğum üçün isə şadam. Növbəti matçda oynayıb-oynamayacağımı bilmirəm. Bir az narahatlıq hiss etsəm də, meydana çıxmaq istərdim”.

 

Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra millidəki karyerasını bitirdiyini açıqlamışdı.(Apasport)