Məşhur özbəkistanlı əkiz güləşçilər ölkəmizə səfər ediblər
Bir neçə müddətdir məşhur özbəkistanlı əkiz güləşçilər - Əmirxan və Xocaxan Kərimov qardaşları ataları Kamuliddin Kərimovla birgə ölkəmizdə səfərdədirlər. Bakıya "Əməkdar məşqçi", AİJA güləş komissiyasının sədri Ramin Allahverdiyevin dəvəti ilə təşrif buyuran qonaqların əsas məqsədi paytaxımızda Azərbaycan güləşi ilə yaxından tanış olmaq, yerli güləşçilərlə birgə təlim-məşq toplanışı keçmək olub.
"Olimpsport"-a açıqlama verən Kamuliddin Kərimov öncəliklə dəvətə görə Ramin və Zamin Allahverdiyevlərə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, Bakıda hər şərait onları tam qane edib:
"Bakıya dörd yeniyetmə güləşçi ilə gəlmişik. Səfərimizdə əsas məqsəd Azərbaycan güləşi ilə yaxından tanış olmaq, burada təlim-məşq toplanışı keçməkdir. Azərbaycan güləşi hər zaman dünyada öz nüfuzu ilə fərqlənib. Biz də istədik ki, uşaqlar burada olsunlar, özlərinin həm fikizi,texniki hazırlıqlarını, həm də dünyagörüşlərini artırsınlar. Qeyd etdiyim kimi, Azərbaycan güləşçiləri dünyada ən güclülər sırasındadırlar. Bu səfərin bizə çox faydalı olacağını düşündüyüm üçün də Ramin müəllimin dəvəti düşünmədən qəbul etdim. Ona və məşqçi-müəllim Zamin Allahverdiyevə dərin minnətdarlığımı bildirirəm. Bizi burda çox isti qarşıladılar. Yüksək səviyyədə hazırlıq keçməyimiz üçün hər cür şərait yaratdılar. Uşaqlar da buradakı şəraitdən, hazırlıqdan çox razıdırlar. Hər şey onların da ürəyincədir".
Özbək güləşi ilə Azərbaycan güləşi arasındakı fərq barədə danışan ata Kərimov əslində iki qardaş ölkə güləşi arasında elə bir böyük fərqin olmadığı bildirdi:
"Prinsipcə güləş texnikamız arasında elə də ciddi fərq görmədim. Güləşçilərinizin güclü xarakteri var. Bu da mənim çox xoşuma gəldi. Güləşçiləriniz heç bir halda ruhdan düşmürlər. Sona qədər mübarizə aparırlar. Bizim uşaqlar bunu burda öyrəndilər,anladılar ki, güləş mübarizəni sevir. Bu idman növündə dayanmaq olmaz".
Bakıda olduqları müddətdə şəhərlə də yaxından tanış olan qonaq şəhərə və əhaliyə də valeh olduğunu bildirdi:
"Bakı mənim çox xoşuma gəldi. Çox gözəl şəhər və istiqanlı, qonaqpərvər əhaliniz var. Bizi çox xoş qarşıladılar. Hamı çalışır ki, qonaq dəvət etsin. Ümumiyyətlə həm xalq olaraq həm də güləş baxımdan çox inkişaf etmiş ölkəsiniz. Azərbaycan güləşinin dünya reytinqində yüksək yeri var. Bunu hamı bilir və danılmaz faktdır. Məşqçiləriniz yüksək klassa malikdirlər və öyrətməkdən qaçmırlar. Bizim uşaqlara da bildiklərini öyrətdilər. Bizi özününki kimi qəbul etdilər. Yeməkləriniz, hava ümumiyyətlə hər bir şərait məni tam razı saldı. Yüksək səviyyədə hazırlıq keçdik.
Düzdür, Azərbaycan haqqında daha əvvəldən də eşitmişdim. Gəlib əyani tanış olduqdan sonra bir daha əmin oldum ki, düzgün seçim etmişəm. Artıq özlüyümdə dəqiqləşdirmişəm ki, qısa zamanda yenidən bura qayıdım.
Bir daha öz adımdan və uşaqların adından Ramin və Zamin Allahverdiyev qardaşlarına böyük təşəkkür edirəm. Azərbaycan xalqına bizi belə isti qarşıladıqlarına görə təşəkkür edirəm. Şadıq ki, bizim belə qardaşlarımız var. Ümid edirəm ki, onlar da bizə qonaq gələrlər. Mən isə mütləq bura qayıdacağam".
Əkizlər - Əmirxan və Xocaxan Kərimov, qardaşları Asılxan Kərimov da qeyd etdilər ki, Bakıdakı bu toplanış onların ürəyincə olub:
Əmirxan Kərimov: "Bakı çox gözəldir. Hazırlıqdan çox razı qaldıq. 2018-ci ildə İmişli rayonunda beynəlxalq turnirdə olmuşduq. Burada çox güclü idmançılar var. Ramin və Zamin müəllimə təşəkkür edirəm. Burda bizi çox yaxşı qarşıladılar".
Xocaxan Kərimov: İkinci dəfədir Azərbaycada oluruq. "Bakılılar çox qonaqpərvərdirlər. Burda bizi qarşılayan və hazırlıq üçün şərait yaradan hər kəsə, xüsusən Ramin və Zamin müəllimə çox sağ ol deyirəm. Çox yaxşı, faydalı məşqlər keçdik".
Asılxan Kərimov: "Toplanlış uğurlu keçdi. Bakıda güləşçilər çox güclü və texnikalıdırlar".
Fərəc Aslanov